Büdcəyə nəzarət çox şirkətdə belə işləyir: büdcə Excel-də hazırlanır, xərclər SAP-də yerləşdirilir, ay sonunda iki rəqəm müqayisə edilir. Bu modelin zəif yeri aydındır. Büdcə aşımını artıq pul xərclənəndən sonra görürsünüz. Funds Management (FM) bu yoxlamanı prosesin əvvəlinə, satınalma tələbi və sifariş mərhələsinə gətirir.
Əsas obyektlər
- Fond mərkəzi (fund center): büdcəyə cavabdeh struktur. Məsələn, şöbə, mağaza və ya region.
- Öhdəlik maddəsi (commitment item): xərcin növü. Adətən baş kitab hesablarının qruplaşdırılmış variantıdır.
- Fond (fund): maliyyələşmə mənbəyi. Hər şirkətdə istifadə olunmur.
Bu obyektlər istifadəçi tərəfindən yazılmır. Törəmə qaydaları (FMDERIVE) xərc mərkəzi, hesab və ya digər sahələrdən onları avtomatik müəyyən edir. Qaydalar düzgün qurulmayıbsa, bütün sistem yanlış büdcəyə yazmağa başlayır.
Büdcə necə istehlak olunur
| Sənəd | FM-də nəticə |
|---|---|
| Satınalma tələbi | İlkin öhdəlik, büdcə rezerv olunur |
| Satınalma sifarişi | Öhdəlik, tələbin yerini tutur |
| Faktura | Faktiki xərc, öhdəlik azalır |
Beləliklə, istənilən an "nə qədər büdcə qalıb" sualının cavabı yalnız faktiki xərcləri deyil, verilmiş öhdəlikləri də nəzərə alır.
Availability Control: sərhədi kim qoyur
Availability Control (AVC) hər yeni sənəddə istehlak olunmuş büdcəni ayrılmış büdcə ilə müqayisə edir. Tolerantlıq profilləri ilə reaksiya müəyyən edilir: məsələn, 90%-də xəbərdarlıq, 100%-də sənədin bloklanması. Nəzarətin hansı səviyyədə olacağı, yəni fond mərkəzi üzrə ümumi və ya maddə üzrə ayrıca, ayrıca dizayn qərarıdır.
Real layihədən
Pərakəndə şəbəkədə büdcə struktur, mağaza və mal kateqoriyası üzrə qurulduqda, sadə FM konfiqurasiyası kifayət etmir. Büdcənin daxil edilməsi, rəhbərlik təsdiqi və istifadənin izlənməsi üçün standart ekranlarla yanaşı xüsusi ekranlar da lazım olur. Ən vacib dərs isə budur: AVC nə qədər sərt olsa, büdcə dəyişikliyi prosesi bir o qədər sürətli olmalıdır. Əks halda iş dayanır və istifadəçilər sistemdən yan keçmək yolları axtarır.